Рет қаралды 637,683
8 il həbs yatdı, KQB-nin müstəntiqi onunla evləndiyi üçün sistemdən qovuldu, 17 yaşında Bakının meri ilə eşq yaşadı, həkimlərin səhvindən xərçəngə tutuldu, rus qəbiristanlığında basdırıldı... O, küçəyə çıxanda sürücülər qəza törədirdi, Biri var idi, Üzeyir Hacıbəyovun evində yaşayan, Bakıda ilk şalvar geyinən, nazir oğlu ilə evlənən gözəllik ikonası Nərgiz Xəlilova...
Nərgiz qayğısız uşaqlıq illəri yaşayıb. İsti ailə münasibəti, diqqəti ilə əhatə olunsa da, çox keçmir ki, ağır xəstəlikdən əziyyət çəkən anası Elvira xanım dünyasını dəyişir. Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşür. Lakin bir müddət keçəndən sonra o, yenidən ailə həyatı qurur.
Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. Boşanandan sonra Nərgiz ata evinə qayıdır.
O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqət cəlb edir. Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirir. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinir.
Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar.
Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və səkkiz il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilir. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırır.
KQB-inin müstəntiqi, evli və iki qızı olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açır və ona aşiq olduğunu qeyd edir.
Nərgiz Qerşveldin təklifinə razılıq verib, ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur.
Nərgiz Qerşveldlə ailə qurduqdan sonra yenidən Moskvaya köçür. Qerşveld Moskvada tipoqrafiya açır. Nərgiz həbsdən çıxandan sonra onun keçmiş sevgilisi Slavik Aqaranov ona yanına qayıtması üçün yalvarsa da, Nərgiz bundan imtina edir.
Nərgiz Xəlilova fəal işgüzar həyat yaşayıb. O, həm də dünyəvi bir qadın olaraq Azərbaycan Milli İncəsənət Muzeyində çalışıb, xeyriyyə işləri görüb, Üzeyir Hacıbəyov fondunu zənginləşdirib, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyurdu. Tez-tez baş rolları Lyüdmila Duxovnaya və Murad Yegizarovun oynadığı Rus Dram Teatrını ziyarət edir, təkcə Bakıda deyil, Moskvada müxtəlif sərgilərə və tədbirlərə qatılır.
Deyilənə görə, Nərgiz 17 yaşı olanda Bakının sabiq meri olmuş Əliş Ləmbəranskinin məşuqəsi olub. 1961-cı ildə Əliş Ləmbəranski onun şərəfinə Bakının Fəvvarələr meydanında "Nərgiz" kafesini ucaldıb, həm də Parisdə restoran və Nyu-Yorkda iki mağaza adlandırılıb.
1998-ci ildə Nərgizin atası, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəfat edir. Onun ölümündən sonra Nərgiz vəzifəni öz üzərinə götürür. O, muzeyin yenidən qurulmasını planlaşdırır.
Nərgiz Xəlilova 150-yə yaxın Azərbaycanın mədəniyyət xadimlərinə aid məqalələrin və Ümumittifaq Teatr və Musiqi Ensiklopediyasının müəlliflərindən biri idi.
1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. Həkimlər səhvən ona ağciyərlər soyuqlaması diaqnozunu qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etməyə başlasalar da, vəziyyəti getdikcə daha da pisləşir. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlanmaq üçün Gertsen adına Onkologiya İnstitutuna yerləşdirirlər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoyulur.
Heç vaxt övlad sahibi olmayan Nərgiz Xəlilova vəfat edəndə onu sink tabutda Bakıya gətirirlər. Hava limanında çoxlu sayda tanış və tanış olmayan adamlar toplaşır. O, Bakıda yerləşən rus qəbiristanlığında dəfn olunur.
Şair Rəsul Həmzətov Nərgiz Xəlilovaya şeir həsr edib, Otar Taktaşişvili roman, Arkadi Arkanov hekayə yazıb. 2008-ci ildə nəşr olunan Eduard Bağırovun "Sevgililər" romanında, 2019-cu ildə Regina Krasivskayanın "Bakı şəhərinin əfsanəsi - Nərgiz" kitabında Nərgiz Xəlilovanın həyatına toxunulur.
Onun həyatından bəzi faktlar Moskva teatrının "Yarasa" tamaşasının əsasını təşkil edib.
Gözəl qadınların da bu həyata ödəməli bir borcu olur. O qadınlar ki, zamanında gözəlliyinin səfasını görüb, mütləq fələk bu səfanın cəfasını ya əvvəl, ya sonra onlara yaşadır.
Nərgiz də qayğıyla, dəbdəbə ilə əhatələnmiş həyatında çox ağır, həyəcanlı günlər də yaşadı. Bir qadın kimi bütün gözəlliklərə toxunsa da, bu həzzi sona qədər davam edə bilmədi. Ömrünü gözlənilmədən amansız xərçəngin caynaqlarında təslim etdi...