Рет қаралды 17,851
6 yaşında vətənindən didərgin düşdü. Bir anda məşhurlaşdı. Gənc yaşda vəfat etdi.
Onun məşhur ifasını gənc muğamsevərlər daha yaxşı tanıyarlar. Sanki bir anda peyda oldu və sanki bütün Azərbaycan bu səsi gözləyirmiş kimi sevgiylə qarşıladı. Biri var idi. Təkcə mənim olaydın ifası ilə bir anda məşhurlaşan Tuqay İsmayılov.
Tuqay İsmayılov 2 Aprel 1986-cı ildə Qarabağda - Ağdam rayonunun Qiyaslı kəndində doğulub. Uşaqlıq çağlarında Ağdamda müharibə olduğundan musiqi məktəbində təhsil ala bilməyib. Amma elə balacalıqdan özü üçün zümzümə edirmiş. Nəhayət, 16-17 yaşlarından xanəndə Sabir Abdullayevdən muğamın incəliklərini öyrənib. Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Burada oxuduğu illərdə eyni zamanda Asəf Zeynallı adına Musiqi Kollecində məşğələyə gedib. Həm də universitetin muğam və vokal fakültələrində çalışan sənətkarlardan bu sənəti öyrənib. Universiteti bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Mənsum İbrahimovdan muğam, Samir Cəfərovdan isə vokal dərsləri alıb.
Tuqay İsmayılov muğam ustası Mənsum İbrahimovla vokalçı Samir Cəfərovdan öyrəndiklərini sintez edərək öz fərqli ifası ilə dinləyicilərin və izləyicilərin diqqətini cəlb edə bilib. Onun ifası, xüsusilə gənclər tərəfindən böyük maraqla qarşılanıb.
O uşaq olanda audio kasetləri tapmaq çətin olub. Amma yenə də axtarıb, araşdırıb. Cabbar Qaryağdıoğlu və Xan Şuşinskidən tutmuş günümüzdə ən sevilənlərdən olan Alim Qasımov, Mənsum İbrahimov kimi xanəndələrin hər birinin yaradıcılığından xəbərdar olub. Ümumiyyətlə, bu sənətdə sevilən ifaçıların hamısını dinləyirmiş.
Bəzən müəyyən bir günü sənətkarlardan birinə həsr edib, onun haqqında hər şeyi öyrənib. Ümumiyyətlə xanəndələrin yaradıcılığını analiz etməyi çox sevirmiş.
6 yaşında Qarabağdan didərgin düşən xanəndə "Qarabağ" şikəstəsi və "Segah" muğamında, bir də Səxavət Məmmədovu dinləyəndə Qarabağı xatırlayıb gözləri dolurmuş. Elə özü də bu muğamları ifa edərək duyğulanır, onlarda Qarabağı axtarırmış.
İstedadı təhsil vasitəsilə sonradan qazanmaq mümkün deyil. İstedad insanda anadangəlmə olur, bu, Allahın ona bir bəxşişidir. Aşıq Ələsgərin təhsili yox idi, amma o cür dahiyanə sənət nümunələri otraya qoydu. Məsələnin mühüm tərəfi məhz sənətə belə möhürlər vurmaqdadır. Sözsüz ki, bu, hər kəsə nəsib olmur. Gəlin etiraf edək ki, gənc nəslin muğama marağı çox aşağı səviyyədədir. Amma Tuqayın ifa etdiyi muğamları ən çox paylaşanlar da, dinləyənlər də elə gənclər olub. O özü bu haqqda deyib: Gənclər muğama bir o qədər də maraqlı deyil. Düzdür, gənc nəslin nümayəndələrindən muğama maraq göstərənlər də var. Ancaq onları kütləvi şəkildə muğama cəlb etməliyik. Bu da biz musiqiçilərin borcudur. Çalışmalıyıq ki, muğamı onlara qavrayacaqları şəkildə çatdıraq. Ümumiyyətlə, hər bir sənətin ruhunu çatdırmaq məsələsi var. Bunu bacara bilən insanlar isə barmaqla sayılacaq qədər azdır.
Özünün də dediyi kimi, muğamın auditoruyası azdır. Amma o bu cür spesifik və vacib sahədə birdən-birə çox böyük uğur qazana bilib. Ən böyük arzularından biri çox saylı tamaşaçı tərəfindən tanınmaq olan Tuqay bəy rekord qıran ifası haqqında bu cür deyib:
"Düzü, heç vaxt gözləməzdim ki, kiçik həcmli bir ifanın bu qədər böyük əhatə dairəsi olsun. O ifanı təkcə öz ölkəmizdə yox, İran, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandan da dinləyib bəyənənlər olmuşdu. Allahıma şükür edirəm ki, mənə belə bir uğur bəxş etdi. Xalqımıza da diqqət və qayğısına görə minnətdaram. Təki insanların təkcə musiqiyə ehtiyacları olsun."
Onu da vurğulayaq ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi olan Tuqay İsmayılovun muğam isdedadından əlavə parodiya bacarığı da var idi.
Tuqay İsmayılov deyirdi ki, xəyalında olan yerə çata bilməsi üçün önündə uzun bir yol var. Ürəyində böyük ümidlər, arzular və fərqli ideyalar var. Elə bir işə imza atmaq istəyirdi ki, tarixə düşsün. Böyük arenalarda Azərbaycanı təmsil edə bilsin. Amma onun da xəyalları yarım qaldı. Gənc yaşda gözə görünməz düşmənin qurbanı oldu.
Xanəndənin ustadı Mənsum İbrahimov onu bu cür xatırlayır: "Çox istedadlı, mədəni və tərbiyəli oğlan idi. Dünyasını dəyişməmişdən 20 gün öncə canlı efirə çıxmışdı. Mənə zəng etdilər ki, tələbəniz buradadır. Dedim ki, məni proqrama qoşun, danışmaq istəyirəm. Həqiqətən xətrini çox istəyirdim. Eşidəndə ki, Tuqay vəfat edib, mən şok oldum. Pandemiya onu da aramızdan tez apardı. Düşünürəm ki, bəlkə də, onu xilas etmək olardı. Hələ də onun ölümü məni yandırır… İtalyan, rus, vokal, estrada mahnıları oxuyurdu. Dünya musiqisindən xəbərdar idi… Qismət, Allah bilən məsləhətdir, ruhu şad olsun”, - deyə, M. İbrahimov bildirib.
Xatırladaq ki, Tuqay İsmayılov 2021-ci il Avqustun 19-da 35 yaşında koronavirus infeksiyasına məğlub olaraq vəfat edib.