Рет қаралды 6,082
Bu gün bütün cəbrayıllılar, o cümlədən Məhərrəmovlar ailəsi böyük sevinc içindədir. Azərbaycan Ordusu onların 27 illik həsrətinə son qoyub. Oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun kəndləri erməni işğalından azad edilib. Uzun illər Cəbrayıl rayon polis şöbəsinin rəisi vəzifəsində çalışan və rayonun müdafiəsində xüsusi rolu olan Vaqif Məhərrəmov qələbə xəbərini göz yaşları içində qarşılayıb. Deyir ki, çox şükür, daha heç bir cəbrayıllıya qaçqın deyilməyəcək!
Vaqif Məhərrəmov Birinci Qarabağ müharibəsində rayonun müdafiəsi üçün bütün cəbrayıllıların qəhrəmancasına döyüşdüyünü və düşmənə ağır zərbələr endirdiyini xatırlayır.
Vaqif Məhərrəmovun qardaşı Alısoy Məhərrəmov də Cəbrayılın müdafiəsi uğrunda döyüşüb. Cəbrayılda yaradılan könüllü özünümüdafiə batalyonunun tərkibində 11 dəfə düşmənə qarşı hücum əməliyyatında iştirak edib. Yurdunun 27 ildən sonra düşməndən azad edildiyi xəbərini böyük fərəhlə qarşılayan müsahibimiz doğma Soltanlı kəndinə qayıdacağı günü səbirsizliklə gözləyir.
Vaqif Məhərrəmovun övladları da tarixi ata-baba yurdlarının erməni işğalından azad edildiyi üçün sevinclidirlər. Müharibənin ağrı-acısını 12 yaşında yaşayan Rasim Məhərrəmov uzun illər həsrətində olduqları torpaqlara qayıda biləcəklərindən qürur duyur.
Həmsöhbət olduğumuz Məhərrəmovlar ailəsinin üzvləri deyirlər ki, Cəbrayılın erməni işğalından azad edilməsi vətən həsrəti ilə dünyadan köçən ata-babaların, eləcə də torpaqlar uğrunda canlarından keçən şəhidlərin ruhlarının şad olması deməkdir. Onlar əmindirlər ki, şanlı ordumuzun səyləri nəticəsində tezliklə işğal altındakı digər rayonların sakinləri də onlar kimi “daha köçkün deyiləm” sözünü deyə biləcək.