Həzrəti Saleh peyğəmbərin (ələyhis-səlam) qeybi Zeyd Şəhham İmam Sadiqin (ələyhis-səlam) belə buyurduğunu nəql etmişdir: “Həqiqətən, Saleh bir zaman öz qövmündən qeybə çəkildi. Onlardan qeybə çəkildiyi gün yetkin (kamil həddə çatmış) idi, iri cüssəsi, gözəl bədəni, sıx (gur) saqqalı, düz qarnı, xəfif yanaqları vardı, camaat arasında orta boylu idi. Qövmünə sarı qayıtdıqda onu üzdən tanımadılar. Onlara tərəf qayıtdıqda üç təbəqəyə bölünmüşdülər. İnkarçı təbəqə - heç vaxt (əqidələrindən) geri dönmürdülər; şəkk-şübhə, tərəddüd təbəqəsi; bir də yəqin üzərində olan təbəqə. Saleh (ələyhis-səlam) qayıtdığı zaman, öncə şübhə və tərəddüd əhlini dəvət etməyə başladı və onlara dedi: “Mən Salehəm”. Amma onu təkzib, təhqir etdilər, (özlərindən) uzaqlaşdırdılar və dedilər: “Allah səndən uzaq olsun, Saleh sənin simanda deyildi”. Dedi: “İnkarçıların yanına gəldikdə onun sözünə qulaq asmadılar, ondan var gücləri ilə qaçdılar. Sonra isə üçüncü təbəqənin - yəqin əhlinin yanına gəldi. Onlara dedi: “Mən Salehəm”. Dedilər: “Bizə bir xəbər ver ki, Salehin sən olduğuna dair şübhəmiz olmasın. Bizim şəkk-şübhəmiz yoxdur ki, Allah-taala Yaradandır, O, istədiyini hər bir şəklə sala, dəyişə bilər. Biz (bir-birimizə) xəbər vermişik (və ya bizə xəbər vermişlər), həmçinin öz aramızda - gəldiyi zaman Qaimin əlamətləri ilə əlaqədar araşdırma aparmışıq və bu, bizim nəzərimizdə yalnız səmadan xəbər gəldiyi təqdirdə doğru sayıla bilər”. Saleh onlara dedi: “Mən o Salehəm ki, sizə dəvə gətirmişəm”. Onlar dedi: “Düz deyirsən, biz də elə onun barəsində araşdırma aparırıq. Bəs onun əlamətləri nədir?” Saleh dedi: “Bəlli bir vaxtda (bu bulaqdan) onun da içmək haqqı vardır, sizin də içmək haqqınız vardır” (Şüəra 155). Dedilər: “Allaha və bizə gətirdiyinə iman gətrdik!” Həmin anda Allah-taala buyurdu “ki, Saleh Rəbbi tərəfindən göndərilmişdir”.(Əraf, 75) Yəqin əhli isə dedilər: “Şübhəsiz ki, biz onunla göndərilənə (gətirdiyi hər şeyə) inananlardanıq”. (Əraf, 75) “Özlərini böyük sayan kəslər dedilər” - onlar şəkk-şübhə edənlər və inkarçılardır, “şübhəsiz ki, biz sizin inandığınızı inkar edənlərik”. Dedim: “Həmin gün onlar arasında onun (Saleh) barədə bilik sahibi olan kəs var idimi?” Buyurdu: “Allah yer üzünü Ona tərəf bələdçilik edən alim olmadan başlı-başına buraxmaqdan daha ədalətlidir. Salehin (üzə) çıxmasından sonra qövm yeddi gün müddətində (bir öhdəçiliyə malik olmayaraq) imam tanımadan qaldılar, baxmayaraq ki, onların əlində Allah-taalanın dini vardı (ki, ona əməl edirdilər) və sözləri də bir idi. Saleh (ələyhis-səlam) zühur etdikdə onun ətrafında toplaşdılar. Qaimin (ələyhis-səlam) məsəli də Salehin (ələyhis-səlam) məsəli kimidir”. (Şeyx Səduq, Kəmaluddin, bab 3, Saleh peyğəmbərin qeyb dövrü)