Lütfiyar Müslüm oğlu İmanov (1929-2008) - Azərbaycan opera müğənnisi (dramatik tenor). Lütfiyar İmanov 1929-cu il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən 1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954-1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir.