Рет қаралды 8,934
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərinə səfərə gəliblər.
Dövlətimizin başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
“İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.
Dövlətimizin başçısı və xanımı kompleksin eskiz layihələrinə baxdılar.
Məlumat verildi ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması məqsədilə 2010-cu ildən başlanılan işlər hazırda davam etdirilməkdədir. Kompleksdə 90 yerlik müsafirxana, 1000 nəfərlik ehsangah tikilib. Baş ziyarətgahda 40 metr hündürlüyündə 2 minarə, kişi və qadınlar üçün ibadət zallarının inşası davam etdirilir.
Dövlətimizin başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
“Stadler” Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış oldular.
Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlətimizin başçısı İlham Əliyevə ətraflı məlumat verdilər. Bildirildi ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.
“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.
Dövlətimizin başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxdı.
Sonra Prezident İlham Əliyev zavodun təməlini qoydu.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxdılar. Bildirildi ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.
Dövlətimizin başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.
Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoydu.