Рет қаралды 6,201
Bəzən azyaşlı uşaqlar gecə yuxuya getdikdən 2-3 saat sonra ağlayaraq oyanır, nə etsəniz də, onları sakitləşdirmək mümkün olmur. Bu hal 15 dəqiqədən yarım saata qədər davam edə bilir. Bu nə kabus, nə də qarabasmadır. Övladınızda sadaladığımız bu halları tez-tez müşahidə edirsinizsə, deməli, o, “gecə terroru” yaşayır. Bu xoşagəlməyən mənzərə ilə qarşılaşan valideynlər az deyil:
Uşağımı yatızdırırdım, yatdıqdan 2-3 saat sonra gecənin müəyyən vaxtı oyanırdı, qışqırır, ağlayır, qorxurdu. Biz onu sakitləşdirməyə çalışırdıq, sakitləşmirdi. Xeyli vaxt çəkirdi, hardasa 1 saata yaxın. Elə olurdu ki , gecəni yatmırdıq. Əlbəttə ki, bu, bir ana üçün çox çətindir. Hər gecə övladımı o vəziyyətdə görmək pis təsir edirdi. Çox deyən oldu ki, bəlkə çıldağa aparaq. Mən qorxdum ki, onsuz da qorxusu var, bir də çıldağa aparsam, lap qorxar.
Bəs heç bir nevroloji problemi olmayan, sağlam psixologiyaya sahib uşaqlar niyə bu terroru yaşayır?
Psixonevroloq Kamran Salayev deyir ki, gecə terroru, adətən, 5-8 yaş qrupuna aid olan uşaqlarda ortaya çıxır: “Nevroloji baxımdan sağlam olan uşaqlarda olur. Gecə yuxunun ortasında gözüaçıq sanki nəsə görür, qışqırır, elə bil vahiməli bir səhnə yaşayır. Valideynlərini görmür və ya onlara qismən cavab verir. Valideynlər onu sakitləşdirmək istəyir, uşaq onlara müqavimət göstərir. Adətən, bu vəziyyət bir neçə dəqiqə, bəzən yarım saat davam edir. Bir gecə ərzində bir neçə dəfə təkrarlanır. Biz uşağın MRT-sini və ya başqa müayinələrini edəndə heç bir problem görmürük, simptom var, şikayət var. Biz də bu simptoma qarşı müdaxilə edirik”.
Psixoloq Vüsalə Əmiraslanova isə deyir ki, “gecə terroru” əsasən valideyni və yaxınları tərəfindən daim danlanan, tənqid edilən uşaqlarda görülür: “Uşaqlarda gecə terroru, gecə fobiyaları əsasən həyat tərzinin düzgün olmamasından, evdə ailə münaqişələrindən qaynaqlanır. Ana-ata problemi varsa, uşaq evdə daim danlanırsa, tənqidlər həddindən artıq çoxdursa, başqa uşaqların yanında müqayisə olunursa, bunlar onun beynində qalır və gecə bunlar qorxu halında əks olunur. Və yaxud uşağın oynadığı oyunlar, baxdığı filmlər, müəyyən aqressiya artıran oyunlar gecə terrorunu yarada bilər. Onlar real olaraq qışqırırlar yuxuda, lunatizm ola bilər. Bəzi uşaqlar deyir ki, biz qan, ölüm gördük. Onlara mütləq şəkildə psixoterapevtik və psixoloji müayinə olunmalıdır”.
Qeyd edək ki, “gecə terroru” yaşayan uşağın valideyni bəzən onu oyatmaq üçün üzünə su səpmək, silkələmək kimi yollardan istifadə edir. Psixoloqun sözlərinə görə, uşağı oyandırmaq üçün bu kimi müdaxilələr etmək, onun gərginliyini daha da artıra bilər. Valideyn atak bitənə qədər uşağı sakitləşdirməli, yanında olduğunu hiss etdirməli və gecə terrorunun bitməsini gözləməlidir. “Gecə terroru” bəzi hallarda epilepsiya xəstəliyi ilə eyniləşdirilir: “Epilepsiyanı gecə dəhşətləri ilə qarışdırmaq düzgün deyil. Epilepsiya ömür boyu gedəcək xəstəlikdir, amma fobiyalar psixoloji faktordur. “Gecə terroru”nun keçici olma şansı daha çoxdur. Mütəxəssisə getmədən “uşağın qorxusu var, çıldağa gedək” kimi şeylər olmamalıdır”.
Psixoloqun sözlərinə görə, uşaqda yaranan fobiyaları azaltmaq üçün onun telefonla, hansı məzmunlu oyunlar oynadığını, gün ərzində hansı münaqişələrin şahidi olduğunu nəzarətdə saxlamaq, vaxtının olub-olmamasından asılı olmayaraq, valideynlərin üzərinə düşür.
#apatv #məsləhət