Рет қаралды 815
15 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə start verilib.
Binə Atçılıq Mərkəzində təşkil olunan tədbirdə rəsmi qonaqlar, azarkeş qrupu və media nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Təntənəli açılış mərasimində komandaların atlı paradı keçirilib, Dövlət Sərhəd Xidmətinin orkestri və sənətçilərin ifasında müxtəlif çıxışlar səsləndirilib, Qarabağ atlarının qonaqlar və tədbir iştirakçıları qarşısında xüsusi şou çıxışı nümayiş etdirilib.
Daha sonra milli at cinslərindən ibarət 8 komanda üzrə ümumilikdə 16 oyunun keçiriləcəyi “Prezident Kuboku”nun sayca 10-cu turniri açıq elan edilib.
Püşkatma mərasiminin nəticələrinə uyğun olaraq turnirin A qrupunda “Sərhədçi-Qarabağ”, “Polad”, “Köhlən” və “Şirvan”, B qrupunda isə “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər” və “Embawood” çövkən komandaları yer alıb.
Açılış gününün ilk görüşləri - “Köhlən” 5-1 “Şirvan”, “Embawood” 3-0 “Zəfər”, “Sərhədçi-Dilbaz” 3-1 “Omar”, “Sərhədçi-Qarabağ” 1-3 “Polad” komandaları arasında keçirilib.
Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən “Prezident Kuboku” turniri 17 və 19 dekabr tarixlərində qrup oyunları, 21 dekabrda yarımfinal, 23 dekabrda üçüncülük uğrunda, 24 dekabr tarixində isə final mərhələsi ilə başa çatacaq.